“Afterşoklar ancaq süni zəlzələdən sonra olur” | Məşhur alimlə müsahibə

İkram Kərimov: “Abşeronda təbii zəlzələ 6 baldan çox olmamalıdır”

  “Afterşoklar ancaq süni zəlzələdən sonra olur” | Məşhur alimlə müsahibə
  05 İyul 2023    Oxunub:9124
Cari ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələlərin guya süni yolla törədilməsi ilə bağlı müxtəlif spekulyasiyalar yayıldı. Hətta süni zəlzələyə səbəb olan tektonik silahın yaradıcı azərbaycanlı alim - İkram Kerimovun adı hallanmağa başladı.
Sensasion müsahibə: “Azərbaycanda da süni zəlzələ törədilib” – SSRİ-nin məxfi layihəsinə başçılıq etmiş alim
Bir zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində Seysmologiya Mərkəzinin direktoru olan fizika-riyaziyyat elmləri doktoru, professor İkram Kerimovla əvvəlki müsahibəmizdə Türkiyədə baş verən zəlzələlər, tektonik silah, süni zəlzələlər barədə danışmışdıq.

İyulun 4-ü saat 00:01-də Xəzər dənizində 65 km dərinlikdə 5,7 bal gücündə zəlzələ oldu . Son günlər dünyada maqnitudası böyük zəlzələlərin, eyni zamanda son zəlzələnin Bakı daxil olmaqla, Abşeron yarmadasında hiss olunmasını və mövzunun aktuallığını nəzərə alaraq İkram Kerimovla müsahibənin ikinci hissəsini indi təqdim edirik. Professorla Azərbaycandakı seysmik vəziyyət, Bakıdakı infrastrukturların zəlzələyə davamlılığı və digər məsələlər barədə həmsöhbət olduq.

- Deyirsiniz ki, Bakı zəlzələyə dayanıqlı deyil. O zaman güclü təkanlar baş versə, necə olacaq? Güclü zəlzələ gözlənilirmi?

- Bizdə təbiətdən gələn qoruyucu sistem var. Abşeron elə bir yerdə yerləşir ki, təbii şəkildə burada zəlzələyə səbəb olacaq qədər enerji toplana bilməz. Ancaq süni şəkildə mümkündür. Ondan qorunmaq lazımdır. 2000-ci ildəki zəlzələ süni idi, yenə də ola bilər.


- 90-ci illərin ortalarından bəri sizdən dəqiq bir xəbər yoxdur. Kimi Cənubi Afrika Respublikasına köçdüyünüzü, kimi Yaponiyada olduğunuzu, kimi də Amerikaya getdiyinizi deyir. Bəs əslində necədir? Harada və nə işlə məşğul olduğunuz barədə məlumat verə bilərsinizmi?

- Bəli, çox söz deyirdilər. Hərbi işlərdən çoxdan uzaqlaşmışam, amma elmi araşdırmalarıma davam edirəm. Mühiti qoruma, ona təsirləri müşahidə və qoruyucu sistem qurma üzərində işləyirəm. Uzun müddət Almaniyada qaldım, çünki oğlum orada yaşayır. İldə bir neçə dəfə Bakıya gəlib-gedirdim. Niderlandda yaşamaq icazəm də var. İlin 6 ayını xaricdə keçirirəm. Hazırda neft mədənlərinin öyrənilməsi ilə məşğulam.

Barəmdə yazırlar ki, guya evimdən sənədləri aparıblar. Bu, tamamilə yanlışdır. Evimdə heç zaman sənəd saxlamamışam, hamısı laboratoriyada olub, onları da işdən “köhnə dostlar” gəlib aparıblar ki, biz o proqramı işlədə bilməyək.

Həmin vaxt Milli Təhlükəsizik Nazirliyinin rəhbəri Namiq Abbasov məni çağırıb demişdi ki, “bütün sənədləri aparıblar, siz daha işləyə bilməzsiniz”. Bildirdim ki, proqramın bərpası mümkündür. İl yarıma yenisini tərtib etdik, lakin ofisə daxil olub, onu da apardılar. İşlədiyim köhnə təşkilatın nümayəndəsi mənimlə yaxın idi. Dedi ki, “İkram müəllim, daha bu işlə məşğul olmayın, nəticəsi yaxşı olmayacaq”. Ondan sonra qərara aldım ki, neft-mədən sahəsi üzrə təcrübələr aparım.

Orada da mühitə təsiri, mühiti idarə etməyi öyrənirik. Biz böyük dərinliklərdə - 500-2000 min kvadrat kilometrlik məsafələrdə işləyib, təsirləri müşahidə etmişik. Bizi izləyiblər, müəyyən nəticə əldə edəndə mane olmağa çalışıblar. İstəyiblər ki, yenidən əvvəlki işimə qayıdım, amma imtina etmişəm.

- Kəşfləriniz qeydiyyata alınıbmı? Patentləriniz varmı?

- 1970-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsində elmi namizədliyimi müdafiə edirdim. O zaman üçün yeni üsulla yerin 40-45 km dərinliyinin öyrənilməsi ilə bağlı kəşfim vardı, ona patent almışdım. O vaxtlar Moskvanın Elm və Texnika Komitəsi ABŞ-da işləməklə bağlı müsabiqə elan etmişdi, mən qazandım. 1976-ci ildə ABŞ-a gedib, bir il orada işlədim.
Kəşf etdiyim yeni metodu onların icazəsi ilə davam etdirib, yerin 200 km dərinliyini öyrənməyə nail olmuşdum. Elmi işim hazır idi. Moskvaya qayıdandan sonra yerin zəif küyləri ilə də maraqlanmağa başladım. Məni inandırmağa çalışırdılar ki, bu, gərəksiz bir işdir. Lakin araşdırmalar zamanı əmin oldum ki, yerin küylərində böyük məlumatlar var və onlara əsasən zəlzələ ilə bağlı proqnozlar vermək olur. Üstəlik, ölçmələri istənilən yerdən aparmaq mümkündür. Məsələn, Avstraliyadakı zəlzələnin gücünü Bakıdan ölçə, dəyişmələri izləyə bilərsiniz. 1979-cu ildə Kəşf və Aktlar üzrə Komitəyə müraciət edib, bu kəşfimin rəsmiləşdirilməsinə nail oldum.

- AMEA ilə aranızda hansısa inciklik olubmu?

- Mən sadəcə imtina etmişəm və hər şey bitib.

- Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da insanlarda narahatlıq var. Bakıda hündürmərtəbəli binalar çoxdur. Ekspertlərin hərəsi bir fikir irəli sürür. Bəziləri deyir ki, zəlzələ olarsa, bütün binalar dağılacaq, digərləri isə iddia edir ki, burada güclü təkanlar gözlənilmir. Siz necə düşünürsünüz?

- 2016-ci ildə məni Almatıya dəvət etmişdilər. Şəhərin seysmiklik səviyyəsinin yenidən ölçülməsi və dayanıqlı binalar tikintisi üzrə layihələndirməyə 50 milyon dollar vəsait ayrılmışdı. İclasda çox adam iştirak edirdi. Almatının baş arxitektoru mənimlə üzbəüz oturmuşdu. Dedi ki, “...Nə əcəb Azərbaycanda işləmirsiniz? Bakı gözəl tikilib, gözəl şəhərdir...” Dedim, doğrudur, Bakı gözəl şəhərdir, amma arxitektor gözü ilə baxanda. Seysmoloq gözündə isə Bakı çox təhlükəli görünür!

Vaxtilə Moskva vilayəti ətrafında qoruyucu sistem qurmaq mənə həvalə edilmişdi. Orada mühitdə gərginlik toplanmışdı və il ərzində 3 sm-lik dəyişmələr olurdu. Bir gün məni çağırdılar, apardıqları ölçmələrin nəticələri ilə bağlı sənədləri göstərib, onlara əsasən rəy bildirməyimi xahiş etdilər. 15 ilin göstəricilərinə görə, Moskvada bəzi yerlərdə hətta 10 sm-lik qalxıb-enmə müşahidə edilmişdi. Araşdırma apardıq. Bildirdim ki, kənar təkanlara qarşı iki sistem qurmaq lazımdır - biri ölçü, digəri isə qoruyucu sistem. Bir neçə gündən sonra bildirdilər ki, “təklifləriniz qəbul olunub və bu işin elmi rəhbəri sizsiniz”. Beləliklə, işə başladıq.

Moskvanın qorunması proqramı üzərində işləyən vaxt Artur Rəsizadə (keçmiş baş nazir - red.) məni dəvət etdi. O, baş nazirin birinci müavini, eyni zamanda Azərbaycanda Hərbi Sənaye Komissiyasının sədri idi. 1988-ci ildə ona bildirdim ki, xarici şirkətlərin Azərbaycanda neft-mədən işlərinə cəlb edilməsi təhlükəlidir. Çünki onların istifadə etdikləri texnika bizimkindən dəfələrlə güclüdür və mədənlərimizi dağıda bilərlər.

Xəzər dəniz deyil, su anbarıdır, burada fiziki-coğrafi şərait tamamilə fərqlidir. Nə lazım olduğunu soruşanda bildirdim ki, öz cihazlarım var. O zaman 800.000 dollara İngiltərədən texnika almışdıq. Həmin texnika ilə Abşeron-Çiləkənd ərazisini, oradakı neft mədənlərinin xüsusiyyətlərini öyrəndik. 3 il öz vəsaitimiz hesabına araşdırma apardıq, bütün texnogen hadisələri izlədik. Rəsizadə demişdi ki, kömək edə bilərlər, ancaq maliyyə yoxdur.

Böyük iclasda bildirdim ki, işlər düzgün aparılmır. O zaman “Günəşli” yatağını işləməyə başlamışdılar. Layların hidravlik yarılması düzgün aparılmırdı. Partlayışlardan dağılmağa başlamışdı, zəlzələlərin sayı artmışdı. Proses yüksək təzyiq altında (120-150 at) aparılırdı. Bildirdim ki, bunun qarşısını almaq lazımdır. Akademik Azad Mirzəcanzadədən başqa hamı əleyhimə çıxış etdi. Mirzəcanzadənin təklifi ilə komissiya yaradıldı və 2 ay ərzində sənədləri yoxladılar.

Təşkilatımız adından hökumətə müraciət etdik və bu işlərlə bağlı 1999-cu ilə qədər araşdırmalar aparmağa icazə istədik. Xarici şirkətlər texniki tapşırıqları ilə bağlı məlumatları bizə təqdim edirdilər. Biz də ölçmələr aparıb, nəticələri onlara bildirirdik. Hesabları elə tənzimləməyə çalışırdıq ki, texnogen təsir göstəriləndə enerji boşalsın. 1995-ci ilə qədər bu üsulla xaricilərə hesabat verdik. Həmin ildən etibarən isə işləri onlarsız aparmağa başladıq. Çünki həmin il onlar “Air-gun” adlandırılan cihazı Azərbaycana gətirib, dənizdə seysmik araşdırmalara başladılar. Mən bunun əleyhinə idim. Bu silah mühitə və canlılar aləminə böyük mənfi təsir göstərir.

Bu məsələ ilə bağlı AMEA-da, akademik Eldar Salayevin kabinetində geniş söhbət apardıq. Natiq Əliyev (keçmiş energetika naziri, o zaman SOCAR-ın rəhbəri idi - red.) bildirdi ki, mən onların işlərinə mane oluram, buna görə də, təklif və iradlarımı qəbul etməyəcək. Eldar Salayev onunla razılaşmadı və təsdiq etdi ki, həqiqətən də təhlükə böyükdür.

O vaxtdan sonra əlaqələri kəsdim. Mənfi təsirlər isə getdikcə artırdı. 2000-ci ildə 200 minə qədər suiti məhv olmuşdu...

- Həmin dövrdə zəlzələ də oldu...

- Bəli, bu haqda yazmışdıq. Qəzetlərdə məqaləmiz çap olunub.

- O zəlzələnin yaranmasında süni faktorlar var idimi?

- İnanmaq çətin olsa da, var idi. Həmin vaxt Çeçenistanda partlayışlar olurdu. Bizim işçilər bir qayda olaraq bu kimi texnogen hadisələri araşdırıb, ölçmələr aparırlar. Bu sahədə qabaqcıl mütəxəssislərdən olan Nadir Əhmədovla birgə yoxlamalar nəticəsində məlum oldu ki, Çeçenistanda süni şəkildə törədilən partlayışların təsiri bizim ərazilərə çatır. Daha dəqiq desək, Xəzər dənizindəki zəlzələ ocağına güclü təsir edirdi. Anladıq ki, ocaq oyana bilər. Elə də oldu. Çeçenistanda əvvəlkilərdən də güclü daha bir partlayış törədildi, ardınca Bakıda zəlzələ baş verdi...

- Partlayışların təsir gücünü ölçməklə zəlzələnin baş verəcəyi tarixi əvvəlcədən müəyyən etmək mümkündürmü? Türkiyədə zəlzələ xəbərini niderlandlı alim 3 gün öncə vermişdi.

- Seysmik stansiyalar qurulubsa, lazımi diapazonda araşdırmalar, ölçmələr aparılırsa, mümkündür.

- Spitakda 1988-ci ildə baş verən zəlzələnin də süni şəkildə törədildiyi bildirilir.

- Tamamilə doğrudur, zəlzələ süni təsir nəticəsində baş vermişdi. Həmin günün səhəri bu barədə üstüörtülü yazmışdım və qəsdən törədildiyini bildirmişdim. Suxumi yaxınlığında bir mağara var. Oraya turistlər də gəlib-gedirdilər. Həmin mağaranın altında, dərinlikdə hərbi laboratoriya quraşdırılmışdı. NATO-nun cənub cinahını izləyir və hərdənbir nə isə ölçmək üçün xırda partlayışlar törədirdilər. Həmin partlayışlar Spitakdakı zəlzələ ocaqlarını oyadırdı. Ocaqlarda gərginlik 100 faiz sürətlə toplanırdı. Təbii halda bu mümkün deyil. Sözügedən ərazidə 10 zəlzələ mənbəyi var və onlardan birində gərginlik artanda, digərlərindəki boşluqlar hesabına azalır. Bu, bir sistemdir. Məsələn, bir ocaqda gərginlik 4 ballıq zəlzələ törədə biləcək həddə yüksələrsə, digərindəki boşluq onun daha da artmasına imkan vermir, enerji boşalır. Süni təsir zamanı enerjinin boşalması mümkün olmur. Nəticədə 4 ballıq zəlzələ 7-8 bal həddinə çatır. Spitakda az ballıq təbii zəlzələ gözlənilirdi, ancaq süni təsirlər nəticəsində dağıdıcı oldu.


(1988-ci il Spitak zəlzələsi)

- Türkiyədəki zəlzələdən sonra güclü afterşokların davam etməsi normal idimi?

- Xeyr. Bunlar göstərirdi ki, zəlzələ süni təsir nəticəsində baş verib.

Afterşoklar süni zəlzələlərdən sonra olur. Təbii zəlzələdən sonra olmur, olmamalıdır.

Bunu heç kim bilmirdi, eyni zamanda biz də. Bunu ilk dəfə 2011-ci ildə Melburnda araşdırmalarım zamanı aşkara çıxarmışam. 2010-cu ildə Haitidə zəlzələ olmuşdu. Həmin zəlzələdən əvvəl partlayışları izləyirdik. Əməkdaşımız Elmira xanıma tapşırdım ki, Kaliforniyada seysmik dəyişikliklər olub-olmadığını izləsin.


(San-Fransisko zəlzələsi — 18.04.1906)

ABŞ-da “San Andreas Fault” adlanan ərazidə gərginlik göstərirdi, orada mütləq zəlzələ olmalı idi (“San Andreas Fault”da ən dağıdıcı zəlzələ 1906-cı ildə olub - red). Elmira xanım “qeyri-adi təkanlar” müşahidə etdiyini bildirdi. Xüsusiyyətlərinə diqqət yetirəndə onların zəlzələ yox, partlayışlar olduğunu gördüm. Bir müddət keçəndən sonra Haitidə zəlzələ baş verdi.

1977-ci ildən ABŞ Seysmoloji Cəmiyyətinin üzvüyəm. Hər illik hesabat zamanı mən də məqalə hazırlayıram. Təcili tezis hazırlayıb, göndərdim. Bildirdim ki, zəlzələni törədən elə özləridirlər. Ərazini təmizləmək üçün partlayışlar törədiblər, bu da Haitidə zəlzələyə səbəb olub. Onlar mənim yazımı qəbul etdilər. İki gün keçəndən sonra Çilidə 9 bal gücündə güclü zəlzələ (2010-ci ildə - red.) oldu. Ondan da güclü - 9,5 ballıq zəlzələ 1960-ci ildə elə həmin Çilidə olub. O, XX əsrin ən güclü zəlzələsi idi. Onu araşdırmağa başladıq. Bizə elə gəlirdi ki, Çili zəlzələsinin Haiti zəlzələsi ilə əlaqəsi var. Zəlzələni öyrənməyə başladım, afterşokları izlədik. Hesabladıq ki, ərazidə 200-250 afterşok olub. 1960-ci ildə olan zəlzələnin baş vermə səbəblərini araşdırdıq. Öyrəndik ki, 50-yə yaxın afterşok olub. 2010-cu ildə baş verəndən dəfələrlə güclü olmasına baxmayaraq, 1960-cı il zəlzələsi zamanı daha az afterşok qeydə alınması bizi təəcübləndirdi. Zəlzələnin təsir əhatəsini öyrəndik. 1960-ci il zəlzələsi daha kiçik və əsasən dinamik zonanı əhatə edirdi. 2010-cu il zəlzələsinin əhatə dairəsi daha geniş idi. O zaman anladım ki, hər iki zəlzələ süni xarakter daşıyır.

Türkiyə zəlzələsinə gəlincə, 100 faiz bəllidir ki, süni təsir nəticəsində baş verib. Çoxsaylı güclü afterşoklar da buna sübutdur. Əsas məsələ süni təsirin elmi araşdırma, yoxsa məqsədli şəkildə tətbiq edildiyini dəqiqləşdirməkdir.

1960-ci ildə nüvə partlayışları yeni başladılmışdı. Mən də onları izləməklə məşğul idim. NATO-nun eksperti olmuşam. Partlayışların mümkün təsir dairəsini öyrənirdik. Məsələn, 1980-ci ildəki partlayışların təsirinin radiusu 2000-3000 km olurdu. Sonralar təsirlər artmağa başladı. Yəni nüvə partlayışları artıq hər yerə təsir göstərirdi. Kiçik partlayışlar belə dünyanın istənilən cihazında görünürdü. 1960-ci ildə partlayışlara yeni başlandığı üçün ərazidə az, 2010-cu ildə ABŞ kollayderi də qoşulduğu üçün çox enerji toplanıb. Bir sözlə, baş verənlərinin səbəbi süni təsirlərdən irəli gəlib.

Təbii zəlzələdən sonra afterşokun olmadığını sübut etmək üçün 1900-cu ildən 2010-cu ilə qədər 8 ballıq zəlzələləri öyrənməyə başladıq. Gördük ki, 1900-1950-ci illərə qədər çox zəlzələlər olub, amma afterşok qeydə alınmayıb.

- Avropadakı Böyük Adron Kollayderi nin seysmik mühitə təsiri haqqında deyilənlər doğrudurmu?

- 2016-ci ilin avqustunda İtaliyada zəlzələ olmuşdu. Həmin ilin dekabr ayının sonuna kimi 10 min zəlzələ qeydə alınmışdı. Bunlar hamısı Avropa kollayderinin təsiri ilə baş vermişdi. Yazıb bildirmişdim ki, kollayder zəlzələlər yaradır və ölkədəki super vulkanı aktivləşdirməyə başlayıb. Əhəmiyyət vermədilər. Bir aydan sonra yenidən yazdıq. Bildirdik ki, afterşoklar zəlzələ deyil, enerji boşalır və sənaye fəlakətləri ola bilər.


(İtaliyanın Genuya şəhərində avtomobil körpüsü)

2018-ci il, avqustun 14-də İtaliyada Genuya şəhərində avtomobil körpüsü uçdu. O vaxt baş nazir baş verənlərə görə körpünü quraşdıran şirkəti günahlandırdı. Biz yenidən yazıb bildirdik ki, səhv onların deyil, bu kimi hadisələr süni təsirlərdən sonra yaranan boşluqlar səbəbindən ortaya çıxır. Həmin körpünü tikən şirkətə də yazıb, səbəbin kənar təsirlər olduğunu bildirdik. İtaliya səfiri məni çağırıb hesabat yazmağımı istədi. Dedim ki, kollayder işini dayandırmalıdır. Səfirlə görüşümdən bir ay sonra, 2019-cu ilin dekabrında Avropa kollayderi fəaliyyətini dayandırdı (Sonradan yenidən işə salınıb – red.).

Kollayder Niderland, Almaniya ərazilərinə də təsir göstərirdi, oradakı vulkanlar aktivləşirdi. Portuqaliyada dənizə yaxın ərazidə çat yaranmışdı və getdikcə genişlənirdi, sonda böyük zəlzələ oldu.


Böyük Adron Kollayderi

- Qeyd etdiniz ki, Haiti zəlzələsi Çilidəki ocağı tərpədib. Bəs Türkiyədəki zəlzələlər Azərbaycandakı zəlzələ ocaqlarını qızışdırmış ola bilərmi? Türkiyədən öncə İranda da zəlzələ baş vermişdi. Bu hadisələr arasında bir bağlılıq varmı?

- Xırda təsirlər mümkündür. Həmin zəlzələlər təkcə Azərbaycanda deyil, Pakistan, Orta Asiya ölkələri və başqa yerlərdə ocaqları oyada bilər və oyadacaq da. Uzaq məsafələrdə belə kiçik zəlzələlər gözləniləndir. İraqda müharibə ərəfəsində ondan 1500 km-lik radiusda yerləşən Qafqaz regionunda, Türkiyədə kiçik zəlzələlərin sayı 2-4 dəfə artmışdı.

- Azərbaycanda zəlzələləri izləyirsinizmi?

- Xeyr. Bəzi səbəblərə görə kənarlaşmışam.

- Zəlzələlər mövzusu hər zaman gündəmdədir, müxtəlif proqnozlar verilir. Eyni zamanda tektonik silahlardan istifadə inkar edilir.

- Artıq hamıya məlumdur ki, bir çox ölkələr tektonik silahdan istifadə edir.

- Daşkənd və Spitakdakı zələlələr tektonik silahla törədilmişdi, yoxsa - müəyyən partlayışların fonunda yaranmışdı?

- Bu zəlzələlər təsadüfi təsir altında baş verib. Həmin ərazilərdə tektonik silahdan istifadə edilsə də, məqsəd zəlzələ yaratmaq olmayıb. Partlayışlar olub və ocaqlar oyanıb.

- Tektonik silahın iş prinsipi necədir? Tektonik çatın bir tərəfində partlayış törədəndə zərbə dalğası digər tərəfə ötürülür, yoxsa necə?

- Bu, bir üsuludur. Başqa üsullar da var. Məsələn, İsmayıllı zəlzələsində çatlardan istifadə edilməyib. Müəyyən bir sistem tətbiq edilib. Şamaxı və İsmayıllıda partlayışlar zamanı küylər izlənilməyib. Partlayışlar ard-arda törədilib. Partlayışların tətbiqində məqsəd əraziyə hansısa mənfi təsir göstərmək deyil, onun nəticəsində əmələ gələn titrəyişlərə əsasən ölçmələr aparmaqdır. Diqqət edilməsi vacib məqamlardan biri partlayışlar arasındakı fasilədir. Adətən 3 gün ara vermək gərəkdir. Birinci partlayışın təsirinin başa çatmasını gözləmək lazımdır. Əsas prinsip budur.

- İkram müəllim, böyük qasırğalardan sonra media yazır ki, süni yolla törədilib. Bu mümkündürmü?

- Yer, su, hava, ionosfer, bir sözlə mühitlər arasında qarşılıqlı əlaqə var. Hər şey sistemli şəkildə baş verir. Biz ionosferlə yerin əlaqəsini öyrənirik, mühitə təsirləri araşdırırıq. ABŞ-da qasırğalar artmasında kənar təsirlər istisna deyil və bu təbii haldır.

- Azərbaycanda maksimum neçə bal gücündə zəlzələ ola bilər?

- Abşeronda təbii zəlzələ 6 baldan çox olmamalıdır. Şamaxıda vaxtilə dağıdıcı zəlzələlər baş verib. Onların səbəbi neftçıxarma prosesləri fonunda ocaqların oyanması ilə bağlı idi. Neft mədənlərində intensiv iş nəticəsində ilk zəlzələ1903-cü ildə Maştağada qeydə alınıb. Nobel o zaman anlamışdı ki, zəlzələyə neftçıxarma işləri səbəb olub. Odur ki, bağında seysmik stansiya qurmuşdu. Yerini də çox düzgün seçmişdi. Ümumiyyətlə Azərbaycanda yüksək seysmiklik yoxdur.

- Mətbuatda barənizdə dərc edilən materiallarda təqdim olunan şəkillər sizə aid deyil. Özünüz belə istəyirsiziniz?

- Mən çox məqalə yazmışam, şəklim yoxdur. Yazılarıma başqa-başqa adamların şəkillərini vururlar. Bu, məni narahat etmir. Bakıda məni çox adam tanıyır. Dükana, bazara, başqa yerlərə gedirəm. İstəmirəm kim olduğumu bilsinlər. Belə daha sərbəst oluram.

Vüsal Məmmədov
Aytən Zəhra

AzVision.az


Teqlər:   Zəlzələ   Tektoniksilah  





Xəbər lenti